İqtisadi və sosial coğrafiya

Sivilizasiyaların tarixi - coğrafi inkişafı

  • Yazar
  • 18-yan-2026, 14:18
  • 5 Baxış

   



Qəbilələr sivilizasiyadan əvvəl yaranan ilk insan birlikləridir.



İlk dövlətlərin yaranması, sinifli cəmiyyətin formalaşması ilə bəşəriyyət sivilizasiya mərhələsinə qədəm qoydu.

 Sivilizasiya (lat. – “dövlət”, “vətəndaşlıq”) – insan cəmiyyətinin inkişaf səviyyəsini göstərir. Oxşar dil, din, adət-ənənə, əxlaqa malik olan xalqlar sivilizasiyanın müxtəlif mərhələsindədir. Müxtəlif xalq və ya ölkələr bu mərhələni fərqli zamanlarda qət edir; məsələn, Qədim Misir və Şumer sivilizasiyalarının tarixi daha erkən dövrlərə təsadüf edirsə, Mərkəzi Afrika, Cənubi-Amerika və Cənub-Şərqi Asiyanın bəzi yerli qəbilələri hələ də sivilizasiya mərhələsinə qədəm qoymamışdır. Müharibə, epidemiya, təbii fəlakət və digər səbəblər sivilizasiyaların inkişafını ləngidə bilər.
Qәdim sivilizasiya mәrkәzlәri
         

Tədqiqatçılar Yer üzərində 21 fərqli sivilizasiyanın mövcud olduğunu bildirirlər. Hazırda isə özünəməxsus xüsusiyyətlərə malik olan Qәrb, Şәrq, Konfutsi, Yapon, Hind, Slavyan-pravoslav, Latın Amerikası vә Afrika sivilizasiyaları və s. mövcuddur. Sivilizasiyalar əbədi deyildir. Tarixən yüksək inkişaf səviyyəsinə malik olmuş güclü sivilizasiya tədricən zəifləyib məhv olur, zəif sivilizasiyanın yerində isə daha güclüsü yarana bilər. Məsələn, vaxtilə yüksək sivilizasiyaya malik olan qədim İraqda hazırda ağır həyat şəraiti hökm sürür. Orta əsrlərdə əyalət kimi tanınan Avropa isə müasir dövrdə yüksək Qərb sivilizasiyasının mərkəzinə çevrilmişdir.

Müasir dövrdə dünyada ən güclü olan sivilizasiyalar Şərq və Qərb sivilizasiyalarıdır. Qərb sivilizasiyası Qərbi Avropa, Amerika və Avstraliyada formalaşmışdır. Bu sivilizasiya yeniliklərə meyilliliyi, həmçinin elm və texnikanın yüksək inkişaf sürəti ilə səciyyələnir. Cənub-Qərbi Asiya və Şimali Afrikada yayılan Şərq sivilizasiyası isə daha çox ənənələrə sadiq olması ilə səciyyələnir.

Adətən, sivilizasiyalar müəyyən təbii landşaft - çay, dəniz sahillərində, dağlarda, meşə, səhra və çöllərdə formalaşır. Yarandığı landşaftdan kənara keçdikdə sivilizasiyanın inkişafı zəifləyir. Misir sivilizasiyası Nil çayı sahilində, Finikiya sivilizasiyası Aralıq dənizinin şərq sahilində, İnk, Astek və Mayya sivilizasiyaları And və Kordilyer dağlarında, Ərəb sivilizasiyası Cənub-Qərbi Asiyanın və Şimali Afrikanın səhralarında, Türk sivilizasiyası isə Mərkəzi Asiyanın çöl landşaftında formalaşmışdır.

Yaşadıqları təbii şərait xalqların həyat tərzinə güclü təsir edir. Məsələn, ərəblərin geyim, qida, yaşayış şəraiti, adət-ənənələri səhra landşaftına uyğunlaşmışdır. Səhradan kənarda yaşayan ərəblər də yerli xalqlara uyğunlaşaraq onlar arasında “ərimiş” – yəni, assimilyasiyaya məruz qalmışlar.

• Slavyan-pravoslav sivilizasiyası meşə landşaftı daxilində formalaşmışdır. Slavyan evi, məişət əşyaları, şifahi xalq ədəbiyyatı, əsasən, meşə ilə bağlı olur.
• Qәrb sivilizasiyasının formalaşmasında dənizlər mühüm rol oynamışdır. Məhz buna görə də bu sivilizasiyanın müasir sərhədləri Avropadan xeyli uzaqda yerləşən Şimali Amerika, Avstraliya, Yeni Zelandiyanı əhatə edir.

Sivilizasiyalar tarixboyu bir-birini dəyişdirmiş və yeniləşdirmişdir. Onların birbirinə təsiri müxtəlifdir. Əgər Böyük Coğrafi kəşflərdən sonra avropalılar “Yeni dünya”ya səpələnərək Qərb mədəniyyətini yayırdılarsa, hazırda bunun əksi baş verir. Müxtəlif sivilizasiya areallarından – Çin, Koreya, Vyetnam, Afrika, Latın Amerikası, Yaxın Şərq və digər ölkələrdən Avropaya gələn miqrantlar öz milli mədəniyyətlərini qorumaqla yanaşı, Qərb ənənələrini qəbul edirlər.

ürk xalqlarının yayıldığı әrazilәr

  

Türk sivilizasiyası - Avrasiyada yaranan ən qədim sivilizasiyalardan biri olub, eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalaşmışdır. Hazırda türk xalqları əlverişli-coğrafi mövqeyə malik olan Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya yarımadası, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Talas vadisi, Ordos vilayəti, Orxon-Yeniseyətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşmışlar. Türklərin “Böyük çöl”də məskunlaşması onların həyat tərzinə güclü təsir etmişdir. Müvəqqəti köçlər zamanı onlar rahat açılıb-yığılan alaçıq və yurtalardan istifadə etmiş, əsasən, heyvandarlıqla məşğul olmuşlar.

Türklərin yerdəyişməsi tarixi mənbələrdə “Xalqların böyük köçü” adlanır. Bu nəhəng miqrasiya eramızın II əsrindən başlayaraq 300 ildən çox davam etmişdir.

V– VI əsrlərdə türklər Altay dağlarından Avropaya qədər yayılaraq Şərq, Qərb, Slavyan-pravoslav sivilizasiyalarının qovuşduğu ərazilərdə məskunlaşmışdılar. Türklər məskunlaşdığı ərazilərə əvvəlki yurdlarının izlərini aparmışlar. Rusiyada və Mərkəzi Asiyada təkrarlanan coğrafi adlar bunu sübut edir.

Müzakirә edin

Coğrafiya və Linqvistika

Rus dilindəki coğrafi adları dəftərinizə yazın və türk mənşəli adlara uyğunluğunu müəyyən edin. Onları xəritədə göstərin.

Rus dilindәki coğrafi adlar

□ Байкал
□ Астрахань
□ Каракул
□ Тюмень
□ Енисей
□ Иссык-кул

Türk mәnşәli adlar

1. Yenisu
2. Bəy göl
3. Qаrаgül
4. Tümən
5. Hacı Tərxan
6. İsti göl

Türk sivilizasiyası Avropa və Asiya xalqlarına yaxınlaşmış, özündə onların bəzi xüsusiyyətlərini birləşdirmişdir. Bu proses müasir türk xalqlarının zahiri görünüşündə, din, dil, mədəniyyət və iqtisadiyyatında da öz əksini tapır.

Zahiri әlamәtlәrinә görә müasir türk xalqları bir-birindən fərqlənir. Türk xalqlarının bir qismi (uyğurlar, yakutlar, qırğızlar və s.) monqoloid, müəyyən bir hissəsi (qaqauzlar, karaimlər və s.) avropoid irqinin əlamətlərinə malikdirlər. Türkiyə türkləri, azərbaycanlılar, türkmanlar, tatarlar isə zahiri görünüşünə görə hər iki irqin əlamətlərini daşıyırlar.

Eyni ərazilərdə məskunlaşmış türk və digər xalqların dil vә adәt-әnәnәlәri, şifahi xalq әdәbiyyatı, yazı mәdәniyyәti dә bir-birinin təsirinə məruz qalmışdır. Belə ki, rus dilində yüzlərlə türk, eləcə də türk dilində ərəb, fars, latın mənşəli sözlər indiyədək istifadə olunmaqdadır.

Türk xalqlarının dini inanclarında da Avropa, Asiya mədəniyyətlərinin izi aydın görünür. Qədim türk xalqları Tenqriyə, yəni Tanrıya inanırdı. Onların fikrincə, Tenqri “әbәdi sәma ruhu” idi. Qonşu sivilizasiyaların inkişafı türk xalqlarının dini inanclarının təsiri altına düşməsinə və müxtəlif dinlərin yayılmasına səbəb oldu.

Türk xalqlarının dini mәnsubiyyәti

D i n l ə r
İslam Buddizm Şaman Xristian İudaizm
türklər
azərbaycanlılar
tatarlar
özbəklər
qazaxlar
qırğızlar
türkmənlər
tuvalılar xakaslar
altaylılar
qaqauzlar
çuvaşlar
karaimlər
krımçaqlar

Fərqli sivilizasiyalar arasında ticarət əlaqələrinin türk torpaqlarından keçməsi onların iqtisadi hәyatına təsirsiz qalmamışdır. Tarixən “İpək yolu” adlandırılan ticarət əlaqələri bu ərazilərdə iri şəhərlərin yaranmasına səbəb olmuşdur. Türk tacirləri Avropada ehtiyac duyulan Çin və Hindistan mallarının mübadiləsində fəal iştirak edir və sürətlə varlanırdılar. Bu isə türk dövlətlərinin iqtisadi, sosial və mədəni səviyyəsinin yüksəlməsinə imkan verirdi.

Türk xalqları Avrasiyada təqribən 12 mln. km2 ərazidə yayılmışlar. Hazırda türk xalqlarının 6 müstəqil dövləti mövcuddur: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan.

Bəzi türk xalqları müəyyən özünüidarə hüquq səlahiyyətləri olan dövlət qurumlarına malikdir. Onların əksəriyyəti Rusiya Federasiyasında aşağıdakı regionlarda yerləşir: Sibir regionunda - Altay, Tuva, Xakasiya, Saxa - (Yakutiya); Ural-Volqaboyu regionunda - Başqırdıstan, Tatarıstan, Çuvaşıstan; Şimali Qafqaz regionunda - Kabarda-Balkar, Qaraçay-Çərkəz. Çin Xalq Respublikasının tərkibindəki Sıntszyan- Uyğur Muxtar Vilayəti, Moldova respublikasında Qaqauziya muxtar bölgəsi türk dövlət qurumlarıdır.

Bəzi türk xalqları isə yaşadıqları ərazilərdə yerli xalqlar hesab edilir. Onlar dövlət qurumuna malik olmayıb, Rusiya, İran, İraq, Əfqanıstan, Gürcüstan, Suriya, Ukrayna, Bolqarıstan, Macarıstan, Yunanıstan, Latviya və digər ölkələrin ərazisində yaşayırlar.

Türk dövlətlərinin əksəriyyəti təbii ehtiyatlarla – neft, qaz, dəmir filizi, daş kömür və s. ilə zəngin, iqlimi kənd təsərrüfatı üçün əlverişlidir. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi ölkələrə dünyanın inkişaf etmiş ölkələrinin marağı da bununla əlaqədardır. Hazırda türk dövlətləri dünyanın ən nəhəng layihələrində iştirak edir.

38 metr hündürlüyü, 1145 ton çəkisi olan İsa peyğəmbərin abidəsi Rio-de-Janeyrodakı dağın zirvəsindədir. Abidə Braziliya və Rio-de-Janeyronun simvolu hesab edilir. Avropalılar Cənubi Amerikanı kəşf edənə qədər orada yaşayanlar yerli dinlərə inanırdılar. İndi isə əhalinin böyük hissəsi xristian katoliklərdir.
• Londondakı “Çin şəhəri”nə (China Town) dünyanın böyük şəhərlərinin əksəriyyətində də rast gəlmək olar. Bu “şəhər”-məhəllələrdə çinli mühacirlər yaşayır, küçələrdə Çin musiqisi eşidilir, insanlar Çin dilində danışır, reklamlar heroqliflərlə yazılır, pıştaxtalarda isə Çin malları satılır.

                                                                                                                                                                                           Aygün Qurbanova

MİQ. sertifikasiya və abituriyent hazırlıqları  üçün müraciət edə bilərsiniz

Əlaqə: 050-768-97-12



 



Mamedoğlu | Veb Dizayn və Proqramlaşdırma Xidmətləri
img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 9 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?