Müasir dünyanın iqtisadi gücləri
- Yazar
- 18-yan-2026, 14:02
- 6 Baxış
XX əsrin əvvəlinədək dünyanın iqtisadi mənzərəsi tәkmәrkәzli (bir dövlət və ya regionun üstünlüyü) olmuşdur. Belə ki, orta əsrlərin sonuna qədər təbii sərvətlərinin bolluğu ilə fərqlənən Asiya ölkələri, xüsusən də Çin dünyanın ən varlı ölkəsi sayılırdı. Dünya dənizlərinə nəzarəti ələ keçirən Avropa regionu XVIII əsrin sonunda dünyanın güc mərkəzinə çevrildi. Bu həm də avropalıların çoxlu müstəmləkələrə sahib olması ilə əlaqədar idi.
XX əsrin əvvəlində dünyanın iqtisadi mənzərəsində ikimərkəzlilik yarandı. Bu dövrdə Qərbi Avropa ilə yanaşı, ABŞ da güc mərkəzi oldu. Yaradılan iri elmi-tədqiqat institutlarına Avropadan məşhur alimlər cəlb edildi. Ölkədə elmi-texniki yeniliklərin tətbiq edildiyi nəhəng istehsal müəssisələri yaradıldı. İstehsal olunan məhsulun satışı üçün məqsədyönlü fəaliyyət – marketinq fəaliyyəti tətbiq edildi.
1950-ci illərdən başlayaraq Yaponiyanın da iqtisadı gücü sürətlə artdı. Dünyada çoxmәrkәzli iqtisadi model yarandı.
İqtisadiyyatda Amerika modelinin mahiyyətlərindən biri xüsusi mülkiyyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutmasıdır.
1975-ci ildə Fransanın təşəbbüsü ilə Almaniya, ABŞ, Fransa, Britaniya, İtaliya və Yaponiyanın üzv olduğu “Altılıq” - “Great-6” (“G-6”) yaradıldı. 1976-cı ildə Kanadanın bu qrupa daxil edilməsi ilə “G-6” qrupu “Böyük yeddilik” (“G-7”) adlandı. “G-7” çərçivəsində ən aktual məsələlər, dünyanı narahat edən siyasi, iqtisadi, sosial və s. problemlər müzakirə edilir.
Dünya ixracatının 49%-i “'G-7”in payına düşür. Sənaye istehsalının 51%-i də bu qrupa məxsusdur.
XX əsrin sonunda inkişaf etməkdə olan ölkələrdən bəziləri iqtisadiyyatlarında yeni modellər tətbiq edərək dünyanın yeni iqtisadi güc mərkəzlərinə çevrildi. Bunlardan ən mühümü Çin Xalq Respublikasıdır. Çin özünəməxsus iqtisadi model yaratmışdır. Ölkədəki əksər müəssisələrə dövlət nəzarət edir. 2019-cu ildə dünyada istehsal olunan məhsul və göstərilən xidmətlərin həcminə görə Çin 2-ci yeri tutur. Müasir dövrdə Çini “Dünya emalatxanası” adlandırırlar. Dünyanın tanınmış şirkətləri Çin iqtisadiyyatına böyük həcmdə sərmayə qoyur. Onlar öz müəssisələrini burada yerləşdirməkdə maraqlıdırlar. Buna səbəb ölkədəki zəngin xammal və kifayət qədər ucuz işçi qüvvəsidir.
Bu amillər Çin məhsullarının istehsal və daşınma xərclərinin xeyli aşağı olmasına imkan verir. Məhsulların ucuz olmasının digər səbəbi isə işçilərin әmәkhaqqının – yəni onların gördükləri işin müqabilində ödənilən xərclərin az olmasıdır.
Hazırda iqtisadçılar əhalinin milli gəlirlərinə və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına görə ilk 20 sırada olan ölkələri dünyanın “güc mərkəzləri” (“G-20”) hesab edir. “Böyük İyirmiliyə” inkişaf etmiş və inkişafda olan ölkələr daxildir. Hazırda Türkiyə, Hindistan, Braziliya, CAR, Argentina və s. kimi ölkələrin güc mərkəzlərinə çevrilməsi onların zəngin xammal və hazır məhsul ixracatçısı olması ilə əlaqədardır. Bu ölkələr dəniz nəqliyyatında fəal iştirak edir, kənd təsərrüfatını sürətlə inkişaf etdirir.
“G-20” qrupunda ölkələrin müstəqil və birlik formasında iştirak etmək hüququ var; məsələn, Qərbi Avropa ölkələrindən - Böyük Britaniya, Almaniya, Fransa və İtaliya sərbəst, digərləri isə Avropa Birliyi adı ilə çıxış edir.
Aygün Qurbanova
MİQ, sertifikasiyavə abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12